Ortak Türk Əlifbası ilə Nəşr Edilən İlk Əsərlər Haqqında Prof. Dr. Ramazan KORKMAZ ilə Müsahibə

Ortak Türk Əlifbası ilə Nəşr Edilən İlk Əsərlər Haqqında Prof. Dr. Ramazan KORKMAZ ilə Müsahibə

Türk dünyasının son yüzillik tarixində bəzən bir xəttin, bir səsin və bir hərfin belə millətlərin taleyini dəyişdirdiyi anlar olub. Əlifbalar dəyişdikcə yaddaşlar parçalanıb, sözlər unudulub, qardaş xalqların yazısı bir-birinə yadlaşıb. Ancaq XXI əsrin Türk oyanışı bu qırılmış bağları yenidən birləşdirmək yolundadır.
Bu mənada “Ortak Türk Əlifbası” yalnız texniki bir yazı sistemi deyil, Türk dünyasının mədəni, elmi və mənəvi birliyinin simvoludur. Bu böyük layihə əsrlərlə bölünmüş türkləri bir araya gətirməyi, ortaq düşüncə və ortaq dil məkanını bərpa etməyi hədəfləyir.
Bu prosesin elmi və mənəvi öncülərindən biri, professor, alim və ziyalı Ramazan Korkmazdır.

Prof. Korkmaz həm bir alim, həm də bir fikir adamı olaraq “dildə birlik” ideyasını təkcə nəzəri müstəvidə deyil, praktik mədəni layihə şəklində həyata keçirən nadir şəxsiyyətlərdəndir. O, bu layihənin elmi əsaslarını, tarixi köklərini və gələcək perspektivlərini öyrənməyi özünün həyati vəzifəsi hesab edir.
Aşağıdakı müsahibədə o, bu tarixi prosesin mənəvi kökləri, elmi əsasları və gələcək hədəfləri barədə danışır; həmçinin Cengiz Aytmatovun Ortak Əlifba ilə nəşr olunan ilk əsərinin rəmzi mənasından söz açır.

 

Türkiyənin Ardahan Universitetinin qurucu rektoru, Türk dünyası ədəbiyyatının görkəmli tədqiqatçısı, Türk Əlifbası Komissiyasının 1991-ci il toplantısının üzvü, Orhun Vakfı Prezidenti  Prof. Dr. Ramazan KORKMAZ ilə Türk Dövlətləri Təşkilatının 2024-cü ildə Bakıda keçirdiyi toplantıda rəsmi olaraq qəbul edilən 34 hərfli Ortak Türk Əlifbası haqqında geniş söhbət etdik.




Ortak Türk Əlifbası niyə önəmlidir? Bunun tarixi inkişafını qısaca izah edə bilərsinizmi?
Məşhur filosof Haydegger deyirdi ki, “Dil, varlığın evidir.” İnsan varlığının bütün ontoloji uğurları dildə qorunur, saxlanılır və gələcək nəsillərə ötürülür. Türk dili də böyük Türk millətinin evidir.
Ancaq Türk milləti minillərlə davam edən köçlər, müharibələr, iqtisadi, siyasi və ictimai dəyişikliklər nəticəsində bir çox hissələrə bölünüb və fərqli coğrafiyalara yayılıb.

Bu gün dünyada Türk millətinə mənsub müxtəlif adlar daşıyan toplumlar və dövlətlər artıq köklərinin çağırışına qulaq asır və yenidən o böyük ailənin birliyinə doğru yönəlirlər. Bu yönəlişin ilk açıq ifadəsi Türk Dövlətləri Təşkilatı oldu.

Türk Dövlətləri Təşkilatının ortaq evi Türkcədir. Fərqli dil, ləhcə və şivələrinə baxmayaraq, Türkcə Türk varlığının ümumi ocağıdır. Lakin hazırda təxminən 300 milyonluq Türk dünyası Latın, Kiril və Ərəb qrafikalı müxtəlif əlifbələrdən istifadə edir. Yəni danışarkən asanlıqla bir-birini anlaya bilən bu böyük toplum yazıda bir-birini oxuya bilmir.

Türk ziyalıları bu məsələ üzərində 200 ildir düşünürlər. Xüsusilə İsmayıl Qaspıralı 1883-cü ildə təsis etdiyi Tərcüman qəzeti vasitəsilə “Dildə, fikirdə, işdə birlik!” şüarını irəli sürmüş və bu düşüncənin əsasını qoymuşdur. Bu fikir daha sonra 1926 Bakı Türkologiya Qurultayının ideya təməlinə çevrilmişdir. Qurultayda əsasən Sovetlər Birliyində yaşayan Türk xalqlarının Latın qrafikasına keçməsi qərara alınmış və 1939-cu ilə qədər müəyyən uğurla tətbiq edilmişdir.

Türkiyə Cümhuriyyəti isə 1 noyabr 1928-ci ildə Latın əlifbasına keçmək qərarını vermiş və onu sürətlə həyata keçirmişdir.
Lakin həmin dövrdə Türk Dünyasının zəifliyi və müdafiəsizliyi səbəbilə bu ideya, xüsusilə Sovet coğrafiyasında tam şəkildə reallaşa bilməmişdir. Belə bir inkişaf — Türk birliyini təmin edəcək bir mədəni dönüşüm — dövrün Sovet İttifaqı başda olmaqla bir çox imperiya dövlətlərinin hədəfinə çevrilmişdir. Qurultaya qatılan 100-dən artıq tanınmış alim sürgün edilmiş, həbs olunmuş və ya qətlə yetirilmişdir.

1939-cu ildə SSRİ rəhbərliyi Latın qrafikasını öz mövcudluğu üçün təhlükə sayaraq bütün Türk xalqlarını Kiril əlifbasına keçməyə məcbur etmişdir. Qısa müddətdə baş verən bu radikal əlifba dəyişiklikləri Türk xalqlarının mədəni yaddaşında dərin itkilərə yol açmışdır.

Sovet İttifaqının dağılmasından sonra, 1991-ci ildən etibarən Ortak Türk Əlifbası mövzusunda işlər yenidən başlandı. Bu çətin prosesi Türk Dil Qurumu və Beynəlxalq Türk Akademiyasının rəhbərliyi ilə qurulan Türk Dünyası Ortak Əlifba Komissiyası həyata keçirmişdir. Komissiya Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi üzv Şimali Kipr Türk Cümhuriyyətindən seçilən alimlərdən ibarətdir.

Komissiya 9–11 sentyabr 2024-cü ildə Bakıda keçirilən iclasında 34 hərfdən ibarət Ortak Türk Əlifbasını qəbul etmiş və Türk Dövlətləri Təşkilatı bu qərarın 2026-cı ildən tətbiq olunmasına qərar vermişdir.

Beləliklə, Türk Dünyasının ortaq bir əlifbəyə keçməsi, 5000 illik tariximizin ən mühüm dönüş nöqtələrindən biridir. Müxtəlif ölkə və bölgələrdə yaşayan Türk xalqları Türk dilinin varlığı ətrafında toplanacaq, yalnız danışıqda deyil, yazıda da bir-birini anlamağa başlayacaqlar. Bu, Türk xalqlarının xeyrinə, lakin onları parçalamaq istəyən imperial qüvvələrin zərərinədir.

Amma unutmamalıyıq ki, Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi: “Bir dəfə yüksələn bayraq, bir daha enməz.”

 

 Ortak Türk Əlifbası layihəsinin əsas məqsədi nədir?
Əsas məqsəd dünyanın müxtəlif bölgələrində yaşayan Türk dilli xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığı inkişaf etdirməkdir. Danışarkən bir-birini anlayan insanların yazıda da anlaşmasını təmin etmək və mədəni inkişaflarına töhfə verməkdir. Bu, 300 milyonluq Türk Dünyasını eyni ideallar ətrafında birləşdirəcək böyük bir məqsədə xidmət edir.

 

Ortak Türk Əlifbası hazırlanarkən hansı elmi meyarlar əsas götürüldü?
Bu əlifba təxminən 200 illik bir fikri prosesin nəticəsidir. Türk Dövlətləri Təşkilatının rəsmi olaraq yaratdığı Ortak Əlifba Komissiyası Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və KKTC-dən seçilmiş dəyərli alimlərdən ibarətdir.
İsmayıl Qaspıralının ideyaları, 1926 Bakı Qurultayında qəbul edilən qərarlar, həmçinin 1991–1993-cü illərdə Ankarada keçirilən toplantılarda irəli sürülən təkliflər diqqətlə araşdırılmışdır. Ümumi Türk dilinin fonetik və morfoloji quruluşu nəzərə alınaraq 34 hərfli ortaq Türk əlifbası qəbul edilmişdir.

 

Ortak Əlifba ilə nəşr olunan Cengiz Aytmatov və Oğuznamə əsərləri necə seçildi?
Cengiz Aytmatov Türk və dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. Əsərləri 194 dilə çevrilmişdir. Türk Dünyasının ortaq yazı sisteminə malik olması onun ən böyük arzusu idi. Oğuznamələr isə bütün Türk xalqlarının ortaq kök salnaməsidir. Bu iki böyük dəyər – Aytmatov və Oğuznamə – Türk Birliyinin mədəni və tarixi simvollarıdır.

 

 Kitabların hazırlanma prosesi necə aparıldı?
Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi 2026-cı ildən etibarən Türk Dünyası nəşriyyatları ilə ortaq layihələr planlaşdırır. Bu çərçivədə Cengiz Aytmatov və Oğuznamə əsərlərinin nəşri barədə razılıq əldə olunmuşdur.
Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində (7 oktyabr 2025, Qəbələ, Azərbaycan) Prezident Rəcəb Tayyib Ərdoğan bu müjdəni elan etmiş və Ortak Türk Əlifbası ilə çap edilən ilk əsərləri dövlət başçılarına təqdim etmişdir.

 

Mətnlərin ortaq əlifbəyə çevrilməsində hansı çətinliklər oldu?
Əslində bu əlifba 1926 Bakı Qurultayında müəyyən edilmiş prinsiplər əsasında, Türkiyədə istifadə edilən Latın qrafikasına 5 yeni hərfin əlavə olunması ilə formalaşmışdır. Bu, Türk dilinin təbiətinə ən uyğun sistemdir.
Rəqəmsal dövrdə texniki baxımdan çevrilmə asandır. Əsas məsələ yeni yazıya öyrəşmək və tətbiqdə ardıcıl olmaqdır.

 

Sizcə Ortak Türk Əlifbası Türk dünyasının mədəni birliyinə necə təsir edəcək?
Fərqli coğrafiyalarda yaşayan 300 milyon Türk indi eyni yazı sistemində birləşəcək. Astana və Daşkənddə çıxan qəzetlər Bakıda və İstanbulda asanlıqla oxuna biləcək. Bu, yalnız mədəni deyil, həm də mənəvi birliyin inkişafına xidmət edəcək.
Türkcədə gözəl bir məsəldir: “İgid yıxıldığı yerdən qalxar.” Bizi 100 il əvvəl əlifbələrlə parçaladılar, indi eyni əlifba ilə yenidən ayağa qalxacağıq.

 

Bu layihə Türk dünyasında ortaq elmi və mədəni dilin yaranmasına gətirə bilərmi?
Dil və mədəniyyət dəyişiklikləri zaman və yetkinlik tələb edir. Bu böyük layihənin uğuru dövlət rəhbərlərinin iradəsindən və alimlərin səmərəli fəaliyyətindən asılıdır. Türk dövlətləri arasında keçiriləcək ortaq elmi konfranslar və mədəni platformalar Cengiz Aytmatovun vurğuladığı “Ortak Türk Dili”nin formalaşmasına təkan verəcəkdir.

 

Akademik və mədəni çevrələrdən hansı reaksiyaları aldınız?
Prezident Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının açılışında bəhs etdiyi “Cengiz Aytmatov kitabı”, 2009-cu ildə mənim redaktə etdiyim və 30-dan çox məqalə toplanan “Cengiz Aytmatov” adlı Prestij kitabı idi. Bu əsərin Ortak Əlifba ilə ilk nümunə olaraq təqdim olunması bizim üçün böyük şərəf oldu.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan alimlər və siyasətçilər bu hadisəni Türk tarixində dönüş nöqtəsi kimi qiymətləndirdilər. Məncə, 9–11 sentyabr tarixləri “Türk Dili Bayramı” kimi bütün Türk Dünyasında qeyd olunmalıdır.

 

 Gələcəkdə bu əlifba ilə başqa əsərlər də nəşr olunacaqmı?
Əlbəttə, daha çox əsərlər nəşr ediləcək. Beynəlxalq Türk Akademiyası artıq Ortak Əlifba ilə yeni nəşrlərə başlayıb. XXI əsrin “Türk Əsri” olması üçün bu prosesi sağlam şəkildə davam etdirməliyik.

 

Son olaraq, Türk dili araşdırıcılarına və mediaya mesajınız nədir?
 Yenə o məşhur məsəli xatırlatmaq istəyirəm: “İgid yıxıldığı yerdən qalxar.” Son iki yüz ildə Türk xalqları böyük sınaqlar və parçalanmalar yaşadı. İndi tarix bizə bir fürsət verib. Bu sabit prosesi qorumaq və birliyimizi gücləndirmək həm milli, həm də qlobal sülh üçün vacibdir.
Türklər heç kim üçün təhlükə deyil; əksinə, dünya sülhünə töhfə verən bir qüvvədir. Bütün bu proseslərin dünyaya çatdırılması isə medianın vəzifəsidir.
Ortak Türk Əlifbası Türk Dünyasına xeyirli olsun! Ulu Tanrı birliyimizi əbədi etsin!

Ortak Türk Əlifbası ilə Nəşr Edilən İlk Əsərlər Haqqında Prof. Dr. Ramazan KORKMAZ ilə Müsahibə


Leave a Comment