Ontario əyalətində Trillium müavinəti (Ontario Trillium Benefit – OTB) alan sakinlər bildirirlər ki, 10 noyabr 2025-ci il üçün nəzərdə tutulan aylıq ödənişlər artıq bank hesablarına köçürülüb. Bu ödəniş, yaşayış xərclərinin artdığı bir dövrdə aşağı və orta gəlirli ailələri dəstəkləmək məqsədi ilə həyata keçirilən dövlət proqramının bir hissəsidir. OTB, üç əsas vergi kreditinin birləşməsindən ibarətdir və ailələrin enerji, əmlak vergisi və alış-verişlə bağlı ödədiyi vergilərin müəyyən hissəsini kompensasiya etməyə xidmət edir.
Ontario hökuməti bu ilin iyul ayında (2025) Trillium müavinətinin tərkib hissələrini yeniləyərək dəstək səviyyəsini ciddi şəkildə artırıb. Bu dəyişiklik sayəsində bəzi ailələr illik 2.100 dollara qədər Trillium müavinəti ala bilirlər. Ödənişin həcmi ailənin yaşadığı bölgə, gəlir səviyyəsi və ailə üzvlərinin sayına görə hesablanır. Müavinət məbləği vətəndaşların əvvəlki ilin (2024) vergi bəyannaməsindəki məlumatlar əsasında müəyyən edilir. Buna görə xüsusilə vergi sənədlərini vaxtında təqdim etmiş şəxslərin bu proqramdan yararlanmaq imkanı tam təmin edilib.
OTB illik məbləği 360 dollardan çox olanlar üçün aylıq şəkildə, 2025-ci ilin iyulundan 2026-cı ilin iyun ayına qədər ödənilir. 360 dollar və ya daha az olanlar isə ödənişi bir dəfəyə alırlar. Aylıq ödəniş tarixlərinin əvvəlcədən müəyyən edilməsi və elan olunması, vətəndaşlara ailə büdcələrini il boyu planlaşdırmaqda mühüm kömək edir.
Bu proqramdan tam şəkildə yararlanmaq üçün sakinlərin Kanada Vergi Agentliyində (CRA) şəxsi məlumatlarını - ünvan, ailə vəziyyəti, bank hesabı və digər detallar mütəmadi olaraq yeniləməsi çox vacibdir. ON-BEN adlı əlavə formanın vergi bəyannaməsində qeyd olunmaması halında isə CRA hesabı vasitəsilə düzəliş (T1 Adjustment) müraciəti edilə bilər və beləliklə vətəndaş proqramdan yararlanmaq hüququnu itirmər.
Hər bir ailənin və ya şəxsin aldığı məbləğ Trilliumun üç kiçik proqramına əsaslanır:
-Şimal Ontario Enerji Krediti (NOEC)
-Ontario Enerji və Əmlak Vergisi Krediti (OEPTC)
-Ontario Satış Vergisi Krediti (OSTC)
Məsələn, Şimal Ontarioda yaşayan tək bir şəxs bu üç krediti əldə edərsə, ildə 1.839 dollara qədər, ailəli və uşaqlı sakinlər isə 2.100 dollardan çox əldə edə bilərlər.
Xüsusilə noyabr ödənişləri, qış mövsümünün yaxınlaşdığı və enerji xərclərinin artdığı bir vaxtda ailələr üçün çox vaxtında və önəmli bir dəstəkdir. Bu maliyyə dəstəyi, kommunal xidmətlər, vergilər və gündəlik xərclərin ağırlığını azaltmağa və minlərlə Ontariolu ailənin iqtisadi sabitliyini qorumağa yardım edir.
Nəticə olaraq, son yeniləmələr göstərir ki, Ontario hökuməti iqtisadi dəyişikliklərdən ən çox təsirlənən ailələri uzunmüddətli və hədəfli proqramlarla dəstəkləməyə sadiqdir. Gələcəkdə proqramdan problemsiz yararlanmaq üçün sakinlərə vergi bəyannamələrini tam şəkildə təqdim etmələri, şəxsi məlumatlarını aktual saxlamaları və birbaşa bank köçürməsinə keçmələri tövsiyə olunur.
Jafar Khosravani Manesh
( LJI Reporter)