Qəhrəmanlıqdan kimliyə: Bakıda Türk Dünyasının Düşüncə Zirvəsi – IV Türkçülük Araşdırmaları Konfransı

Qəhrəmanlıqdan kimliyə: Bakıda Türk Dünyasının Düşüncə Zirvəsi – IV Türkçülük Araşdırmaları Konfransı

25 iyun 2025-ci il tarixində Bakının nüfuzlu ali təhsil ocaqlarından olan Xəzər Universitetində Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən IV Türkçülük Araşdırmaları Konfransı keçirilib.
 “Tarixdəki Qəhrəmanlarımız və Qurucu Babalarımız” mövzusuna həsr olunan bu elmi platforma Türkçülük ideyasına xidmət edən alimləri, tarixçiləri, tədqiqatçıları və ziyalıları bir araya gətirib.

Konfransın açılışı Salman Mümtaz Nəşriyyatı tərəfindən nəşr edilən, III Türkçülük Araşdırmaları Konfransının materiallarından ibarət “Tariximiz və tarixçiliyimiz” adlı elmi məqalələr toplusunun təqdimatı ilə başlayıb. Bu nəşr, Türk tarixinin obyektiv və konseptual araşdırılmasına mühüm töhfə kimi qiymətləndirilib.

Konfransın rəsmi açılış nitqini Xəzər Universitetinin qurucusu Prof. Dr. Hamlet İsaxanlı və tarix elmləri doktoru, professor Nəsib Nəsibli etdilər. Daha sonra tədbirin moderatoru, tanınmış tarixçi və mediaşünas professor Qulu Məhərrəmli iştirakçıları salamlayaraq panel müzakirələrinə start verib.

Konfrans çərçivəsində ümumilikdə 17 elmi məruzə və çıxış dinlənilib. Əsas məruzəçilər aşağıdakı mövzularda çıxış ediblər:
Prof. Dr. Nəsib Nəsibli – “Milli Qəhrəman Problemimiz”
Prof. Dr. Halil Akıncı – “Tarixdəki Qəhrəmanlarımız və Günümüz”
Dr. Boran Əziz – “Qurucu Babalarımızın Tariximizin Təməl Konsepsiyasına Baxışı”
Dr. Şahin Əhmədoğlu – “Coğrafiyaşünas Alim və Səyyah H.Z. Şirvani”
Yasəmən Qaraqoyunlu – “Sovet Dönəmində Türksüz Qəhrəmanlıq Təbliğatı”
Ələsgər Siyablı – “Turan Qəhrəmanları: Onların Ön-Türk və Dünya Tarixindəki rolu”
Dr. Faiq Ələkbərli – “Cümhuriyyət Qurucularına Yanaşmalarda Müxtəlif Dövrlərin Şərtləri və İdeoloji Siyasi Amillər”


Tədbir yalnız məruzələrdən ibarət olmayıb. Müzakirələr çərçivəsində iştirakçılar Türk tarixindəki qəhrəmanlıq anlayışının təkcə hərbi və siyasi müstəvidə deyil, həm də ideoloji, elmi və mədəni kontekstdə dəyərləndirilməsinin zəruriliyini vurğulayıblar.

Əsas müzakirə mövzuları aşağıdakı istiqamətlərdə cəmləşib:
Türk dövlətlərinin formalaşmasında tarixi liderlərin və şəxsiyyətlərin rolu
Türk sivilizasiyasının ideya və dəyərlər sistemi
Tarixi yaddaş və milli kimlikin formalaşmasında qəhrəmanlıq kultunun rolu
Müasir təhriflər qarşısında milli tarixşünaslığın elmi əsaslarla müdafiəsi
Türk dünyasında ortaq düşüncə, həmrəylik və kimlik şüurunun gücləndirilməsi.

Konfransda xüsusi vurğulanan mövzulardan biri də Sovet dövründə qəhrəman obrazının ideoloji şəkildə təhrif olunması olub. Çıxışlarda qeyd olunub ki, Sovet ideologiyası tariximizin qəhrəmanlıq simvollarını ya sükutla keçmiş, ya da öz maraqlarına uyğun şəkildə təqdim etmişdir. Bu irsin təsirləri bu gün də müəyyən dərəcədə mövcuddur.

Konfransın yekun sənədində qeyd olunub:

“Tarixi qəhrəmanlarımızın tanınma səviyyəsi narahatedici vəziyyətdədir. Bu sahədə dönüş yaratmaq, millətləşmə prosesinin əsas imperativlərindən biri sayılmalıdır".
Konfrans çərçivəsində müxtəlif ölkələrdən gələn alimlərin iştirakı ilə dəyirmi masalar, elmi əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşlər və fikir mübadilələri də keçirilib. Eyni zamanda Xəzər Universitetində tarixi sənədlər, kitablar və vizual materialların nümayiş olunduğu sərgi təşkil olunub.
Konfransın təşkilatçıları növbəti – V Türkçülük Araşdırmaları tədbirinin hazırlanmasına artıq start verildiyini və daha geniş miqyasda keçirilməsinin planlaşdırıldığını bildiriblər.

Azerbaijan Post

Qəhrəmanlıqdan kimliyə: Bakıda Türk Dünyasının Düşüncə Zirvəsi – IV Türkçülük Araşdırmaları Konfransı


Leave a Comment