Torontoda Türk ruhu: Toronto “Turkuaz Multikultural Festivalı” böyük coşqu ilə keçirildi

Torontoda Türk ruhu:  Toronto “Turkuaz  Multikultural Festivalı” böyük coşqu ilə keçirildi

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Turkuaz Türk İncəsənət və Mədəniyyəti Fondu”nun təşkilatçılığı ilə “Turkuaz Türk Multikultural Festivalı” böyük coşqu və 
rəngarəng proqramla keçirilib. Tədbir türk xalqlarının zəngin incəsənətini, folklorunu və ənənələrini Kanadanın çoxmədəniyyətli mühitində tanıtmaq məqsədi daşıyıb. Festival həmçinin 
Kanadada yaşayan türklər arasında birlik və mədəni bağların möhkəmləndirilməsini, gənc nəsillərin öz kimliyinə sahib çıxmasını hədəfləyib.

Açılış mərasimi “Təbriz Musiqi və Rəqs Ansamblı”nın milli musiqilər və rəqslərlə dolu çıxışı ilə başlayıb. Ardınca “Hamilton Azərbaycan İcması”nın istedadlı uşaqları milli geyimlərdə səhnəyə çıxaraq tamaşaçılara sevinc dolu anlar bəxş ediblər. Eyni zamanda Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs qrupu da səhnədə çıxış edərək alqışlarla qarşılanıb.
Festival çərçivəsində “Ay işığında” adlı üç hissəli musiqili konsert proqramı təqdim olunub. Azərbaycan klassik və müasir musiqilərindən ibarət bu konsert tamaşaçılara unudulmaz emosiyalar yaşadıb. Həmçinin uyğur rəqsi, rəqqasə Lina Şimminin solo çıxışı və Azərbaycan şeirlərinin bədii ifası da festivalın yadda qalan məqamlarından olub.

“Turkuaz Fondu”nun rəhbərləri Nəsrin Attari və Şervin Şadpur çıxışlarında Fondun Kanadada türk mədəni irsinin qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açıblar. Onlar mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və müxtəlif icmalar arasında anlaşmanın Kanadanın gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirdə həmçinin Ontario əyalətinin Vaughan şəhərinin meri Steven Del Duca, Kanada parlamentinin üzvü Francesco Sorbara, Ontario əyalət parlamentinin deputatı (MPP) Laura Smith, eləcə də şəhər şurasının üzvləri Chris Ainsworth və Tony Ruprecht iştirak ediblər. Rəsmi qonaqlar öz çıxışlarında Kanadada türk və Azərbaycan icmalarının sosial və mədəni həyata
 verdiyi dəyərli töhfələrdən bəhs ediblər, bu cür festivalların millətlərarası birgəyaşayış və tolerantlıq üçün önəmini qeyd ediblər.

Festival sonda tamaşaçıların birgə oxuduğu mahnılar, milli musiqi ifaları və xatirə şəkilləri ilə başa çatıb. Təşkilatçılar bildiriblər ki, “Turkuaz Türk Multikultural Festivalı” gələn ildən etibarən hər il daha geniş formatda, müxtəlif türk xalqlarının iştirakı ilə keçiriləcək.

Jafar Khosravani Manesh 
( LJI Reporter)

Torontoda Türk ruhu: Toronto “Turkuaz Multikultural Festivalı” böyük coşqu ilə keçirildi


Leave a Comment