Kanadada Azərbaycan rəqsləri alqışlarla qarşılandı

Kanadada Azərbaycan rəqsləri alqışlarla qarşılandı

Toronto şəhərində keçirilən “Diwali” festivalı çərçivəsində Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri xüsusi çıxışla iştirak ediblər. “Diwali” festivalı hind mədəniyyətinin ən mühüm bayramlarından biridir və işıq, sülh və birlik rəmzi olaraq dünya miqyasında müxtəlif icmalar tərəfindən qeyd olunur. Toronto kimi çoxmədəniyyətli şəhərlərdə isə “Diwali” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini təqdim etmək və icmalar arasında dialoqu gücləndirmək məqsədi ilə hər il böyük coşqu ilə keçirilir.

“Mənim Azərbaycanım” məktəbinin şagirdləri festival çərçivəsində müəllimləri Orxan İslamovun bədii rəhbərliyi ilə səhnəyə çıxaraq “Sarı Gəlin”, “Naz eləmə”, “Yallı” və digər Azərbaycan milli rəqslərini ifa ediblər. Rəqslərin ritmi, rəngarəng milli geyimlər və uşaqların enerjisi tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Festivalın sonunda şagirdlərə mükəmməı iştiraklarına görə sertifikatlar təqdim olunub. Bu tədbir həm Azərbaycan gənclərinin milli mədəniyyətə bağlılığını nümayiş etdirməyə, həm də Toronto şəhərində fərqli icmalar arasında mədəni mübadiləni gücləndirməyə xidmət edib.Toronto sakinləri və festival qonaqları çıxış zamanı Azərbaycanın zəngin musiqi və rəqs ənənələrini yaxından tanımaq imkanı əldə ediblər, uşaqların performansı isə hər kəsi heyran qoyub. Tədbirin təşkilatçıları qeyd ediblər ki, gələcək illərdə Azərbaycan mədəniyyətinin belə beynəlxalq festivallarda
 iştirakı daha da genişləndiriləcək və gənc nəsillərin mədəni irsə bağlılığı artırılacaq.

 

Kanadada Azərbaycan rəqsləri alqışlarla qarşılandı


Leave a Comment