20–21 noyabr tarixlərində Bakıda Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu və İngla Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Müasir İpək Yolu üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransın açılışı Türk dünyasının bu günkü inkişafında müasir İpək Yolunun oynadığı əvəzsiz rolu vurğulamaqla başladı. Natiqlər qeyd etdilər ki, qədim karvan yolları kimi, bu günün “İpək Yolu” da türk dövlətlərini bir-birinə bağlayan mədəni körpüləri yenidən canlandırır, elmi-humanitar əməkdaşlığa yeni nəfəs verir və region üçün strateji perspektivlər açır.
Plenar iclasda səslənən məruzələr türk dünyasının tarixi yaddaşı, mədəni özünüdərk prosesi və gələcəyə yönəlik inteqrasiya xəritəsinə dair dəyərli fikirlərlə yadda qaldı.
"Azerbaijan Post" xəbər verir ki, tədbirdə Türkiyə, Özbəkistan, Qazaxıstan ilə yanaşı digər ölkələrdən tanınmış alimlər, tədqiqatçılar və regional inteqrasiya üzrə ekspertlər iştirak edib. Konfransda birbaşa iştirak edənlərlə yanaşı, online qoşulanlar da olmuşdur. Konfransın toplusuna Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Avropa ölkələrindən və Kanadadan olan tanınmış alimlər, tədqiqatçılar öz məqalələrini təqdim etmişlər.
Konfransın təşkilatçılarından olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Rauf Məmmədov “Azerbaijan Post”a danışıb. O, qeyd edib ki, keçirilən beynəlxalq konfrans həm elmi dairələrin, həm də ictimaiyyətin diqqətini Türk dünyasında sosial, mədəni və humanitar əlaqələrin dərinləşdirilməsinə yönəltməyi hədəfləyir: "Konfransın ilk mərhələsinin məhz Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan son illərdə Türk dövlətləri arasında siyasi-sosial əməkdaşlığın genişləndirilməsində aparıcı gücə çevrilib. AzMİU-da start götürən tədbir həm elmi mühitin dinamikliyini, həm də Azərbaycanın Türk dünyasında artan nüfuzunu nümayiş etdirirdi. Konfransın üç mərhələdən ibarət olması isə, ideyanın yalnız elmi diskussiya çərçivəsində deyil, geniş coğrafiyada – Türkiyə və Özbəkistan daxil olmaqla – hərtərəfli şəkildə dərinləşdirilməsinə şərait yaradır. Bu, həm İpək Yolu boyunca elmi əməkdaşlığın bərpası, həm də mədəni əlaqələrin müasir çağırışlara uyğunlaşdırılması baxımından nümunəvi addımdır. Bu tədbirin əhəmiyyəti son dərəcə böyükdür. Türk dövlətlərinin rəhbərləri siyasi və mədəni səviyyədə əməkdaşlıq edirlər. Lakin həqiqi birlik yalnız yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru da formalaşmalıdır. Xalqların, elmi ictimaiyətin prosesə qoşulması ən vacib amildir."
Rauf Məmmədov konfransın təşkilində və gerçəkləşməsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın rolunu xüsusi olaraq qeyd edib. Universitetin maddi-texniki imkanları, yüksək təşkilati ənənələri konfransın ilk açılışının yüksək səviyyədə həyata keçirilməsini təmin etmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova AZMİU-da keçirilən "Müasir ipək yolu üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər" mövzusunda keçirilən elmi seminarda deyib: “Türk xalqlarının bir olması bu gün üçün də aktualdır. Tarixə baxanda biz İpək yolunun bu istiqamətdə nə qədər önəmli olduğunu görürük. İpək yolunun bizim ölkəmizdən keçməsi nəticəsində mədəniyyət əlaqələri yüksəlib genişləndi. Bu əlaqələr nəticəsində mədəniyyətlərarası birləşmə prosesi də izlənilir."
Rauf Məmmədov həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimai Elmlər kafedrasının mühüm rolunu xüsusi qeyd edərək deyib: “Kafedranın müdiri dosent Könül Əliyeva və kafedranın əməkdaşları layihənin ideya-konsepsiyasının formalaşdırılması, beynəlxalq əlaqələrin qurulması və planlaşdırılmasında böyük işlər görüblər."
İpək Yolu tarixən müxtəlif xalqları birləşdirən mədəni körpü rolunu oynayıb. Bu gün isə həmin coğrafiyada dayanmış Türk dövlətləri yeni qlobal reallıqlar fonunda inteqrasiya üçün daha əlverişli mövqe əldə ediblər.
Konfrans çərçivəsində qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının aktiv fəaliyyəti sayəsində regional inteqrasiya artıq yalnız iqtisadi və siyasi səviyyə ilə məhdudlaşmır, daha dərindən – sosial-mədəni təməllər üzərində qurulmağa başlayıb.
Konfransın digər təşkilatçısı "İngla School" təhsil şirkəti və "Crossmedia.az" analitik-informasiya portalının direktoru, dosent Lalə Nəsibova konfransın açılışında çıxış edərək deyib: “İpək Yolunun yeni nəqliyyat və kommunikasiya imkanları inteqrasiya üçün əlavə stimul yaradır. Bu tədbirin məqsədi Türk dövlətləri arasında son illərdə sürətlənən sosial və mədəni əməkdaşlığı elmi əsaslarla qiymətləndirməkdir. ortaq dilimiz, tariximiz və zəngin mədəni irsimiz bu inteqrasiya prosesinin təməlini təşkil edir və həm regional sabitliyə, həm də iqtisadi-humanitar inkişafın güclənməsinə mühüm təsir göstərir. Müasir İpək Yolunun təqdim etdiyi yeni nəqliyyat və kommunikasiya imkanları isə, bu inteqrasiya üçün əlavə stimul yaradır."
Konfransın digər təşkilatçısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutudur. İnstitutun direktoru İlham Məmmədzadə öz çıxışında deyib: “Azərbaycanın bütün türk dövlətləri ilə münasibətləri dərindir. Amma biz başa düşürük ki, bu ölkələrin alimləri də birləşməlidir. Biz, memarlar və filosoflar birləşərək digər alimləri də bu sahəyə işgüzar əməkdaşlığa dəvət edirik."
Tədbirin ikinci günü AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda keçirilibdir. İnstitutun direktoru, professor İlham Məmmədzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, tədbirin Azərbaycandan başlaması həm ölkəmizin strateji mövqeyinə, həm də türk dövlətləri arasında mədəni və siyasi əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir: "Bu İpək yolu Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan üçün çox vacibdir. Tarixi İpək yolu Çini və Qərbi birləşdirirdisə, indi məqsədimiz türk dövlətlərinin yolunu yaratmaqdır. Azərbaycan bu prosesdə iradəni və mədəniyyəti birləşdirən əsas rolu oynayır. Birinci addımı atmaq çətindir, amma Azərbaycan bunu etdi və bu, gələcək inteqrasiya layihələri üçün vacib təməl yaradır".
O həmçinin əlavə edib ki, konfrans yalnız akademik müzakirələr üçün deyil, həm də türk dövlətləri arasında siyasi iradənin və mədəniyyətlərin birləşməsi baxımından strateji əhəmiyyət daşıyır: "Azərbaycanın başlanğıcı göstərir ki, iradə və mədəniyyət inteqrasiyası İpək yolunun davamlı inkişafını təmin edə bilər. Bu ilk addım ola bilər, amma bu addımı Azərbaycan atdı".
Özbəkistanın Kokand Universitetinin elmi işlər üzrə prorektoru Zebohan Kabilova AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda konfransın ikinci günündə deyib ki, Türk dövlətlərinin elmi ictimaiyyəti arasında əlaqələrin genişlənməsində öz səylərimizi davam etdirmələri və ortaq dəyərlərin formalaşıb inkişaf etdirilməsində birgə çalışmılıyıq. O, əlavə edib ki, "Qarabağ Azərbaycandır" şüarı Özbəkistanda, oradakı gənclər arasında da geniş yayılıbdır.
Türkiyənin Ərzincan Universitetindən professor Kərəm Karabulut çıxışında ortaq mədəni köklərin bu gün necə yeni bir birlik modeli formalaşdırdığına toxundu və türk dünyasının tarixdən gələn mədəni kodlarının gələcəyə açdığı imkanları önə çəkdi.
Dosent Rauf Məmmədov bildirib ki, müasir Avrasiya məkanında gedən proseslər artıq yeni bir mərhələyə qədəm qoyub. Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi, mədəni əlaqələrin genişlənməsi və qitəni birləşdirən yeni iqtisadi yolların yaranması bu mərhələnin əsas xüsusiyyətlərindəndir. Türk Dövlətləri Təşkilatının formalaşması isə bu inteqrasiyaya xüsusi dinamika gətirərək həm siyasi, həm humanitar, həm də iqtisadi sahələrdə regional əməkdaşlığa yeni nəfəs verib. Bu proses təkcə dövlətlərin deyil, bütöv regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Belə bir şəraitdə elmi araşdırmaların aparılması və yeni yanaşmaların ortaya qoyulması artıq zərurətə çevrilib. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, türk dövlətləri arasında sosial, mədəni və iqtisadi əlaqələr misilsiz sürətlə genişlənir və bu dinamikanı doğru oxumaq tələb olunur. Qlobal dəyişikliklərin fonunda vahid strateji xəttin müəyyənləşdirilməsi də xüsusi aktuallıq qazanır. Regionun qarşısında dayanan problemlər isə artıq tək-tək dövlətlərin deyil, bütün türk dünyasının birgə həll etməli olduğu məsələlərdir. Ümumi tarixi yaddaş, dil, mədəniyyət və humanitar dəyərlər bu birliyin həm mənəvi, həm də praktik dayağıdır. Bununla yanaşı, regional iqtisadi layihələrin, nəqliyyat və logistika yollarının inkişafı, davamlı artım imkanlarının dərinləşdirilməsi də birgə fəaliyyət tələb edir.
Bu layihənin məqsədi yalnız elmi icmanı deyil, həm də cəmiyyətləri dialoqa çağırmaqdır. Burada söhbət yalnız nəzəri nəticələrdən getmir – qarşıya qoyulan əsas vəzifə praktiki tövsiyələr hazırlamaq, türk dövlətləri arasında əməkdaşlığı daha təsirli və sistemli bir mərhələyə yüksəltməkdir.
Konfransın əsas hədəfləri də bu missiyanı tam əks etdirir. Türk dövlətlərinin universitetləri arasında akademik tərəfdaşlığın gücləndirilməsi, inteqrasiya prosesinin sosial, siyasi və iqtisadi tərəflərinin daha dərindən araşdırılması, müzakirə və fikir mübadiləsi üçün müstəqil ekspert platformasının yaradılması bu məqsədlər arasındadır. Bundan əlavə, konfrans Türk Dövlətləri Təşkilatının gələcək strategiyalarının elmi əsaslarla dəstəklənməsinə də xidmət edir. Bu təşəbbüs yalnız akademik tədbir deyil – türk dünyasının gələcək vizionunun formalaşdırılmasına yönəlmiş ortaq düşüncə platformasıdır.
Beləliklə, konfrans çərçivəsində təqdim olunan layihə Türk dövlətləri arasında gələcək əməkdaşlığın nəzəri və praktik əsaslarını formalaşdırmağı hədəfləyir.
"Azerbaijan Post"